Təqvim
Yüksəliş yolu... - Sabir Rüstəmxanlı yazır
30 aprel 2019 - 12:33

Ötən əsrin yetmişinci illərinin ortalarında namizədlik işimi müdafiə edəndən sonra dissertasiyanın bir nüsxəsini Moskvada yaşayan görkəmli yazıçımız, bu günlərdə 90 yaşı tamam olan Çingiz Hüseynova göndərmişdim. Eşitmişdim ki, dissertasiyaların təsdiqində filologiya elmləri üzrə görkəmli mütəxəssis kimi onun rəyi həlledicidir.

Çingiz müəllim də köhnə ziyalılarımız, o cümlədən Moskvada yaşayan Əziz Şərif kimi məktub məsələlərində çox diqqətli idi. Cavabını çox gözləmədim; yazırdı: "Sən də mənim kimi bir əlində şeir, bir əlində elm, bir əlində tənqid, bir əlində publisistika ömrü qovhaqovdasan...".

Akademik Nizami Cəfərli (Cəfərov) haqqında fikrimi yazmaq istəyəndə, nədənsə, Çingiz müəllimin o sözləri düşdü yadıma. Çünki ilk tanışlığımızdan üzübəri Nizamini də həmişə, yoruldum, usandım demədən, tutduğu yolla inamla irəliləyən, çalışan və yüksələn görmüşəm...

O da gənc yaşlarından dilçilik, ədəbiyyatşünaslıq, mətnşünaslıq, ədəbi-tənqid, ədəbiyyat nəzəriyyəsi, türkologiya, ədəbi əlaqələr, ölkəşünaslıq, pedaqogika və siyasətşünaslıq, dərslik yaradıcılığı və s. istiqamətlərdə öz sözünü deyir və əslində, onun sözü elmi-nəzəri səviyyəsi, nüfuzu, etibarilə seçilən, sayğı ilə qarşılanan sözdür.

Nizami təfəkkürcə alimdir və bütöv ömrünü ilk gənclik illərindən filologiyamızın inkişafına vermişdir.

Bu gün o, təkcə Azərbaycanda yox, bütün türk dünyasında humanitar elmlərin tanınan, sevilən, nüfuz sahibi olan liderlərindən biridir.

Onu "Ədəbiyyat və incəsənət" qəzetindən tanımışdım. Yazıçılar İttifaqı və qəzetin rəhbərliyi ilə yaranmış münaqişələrdən sonra mən tənqid və ədəbiyyatşünaslıq şöbəsindən getmişdim. Qəzetə az-az gəlirdim. Nizami həmin vaxt qəzetdə yeni fəaliyyətə başlamışdı. Sonra onun Azərbaycan Dövlət Universitetindəki müəllimliyinin, filologiya fakültəsinin gənc dekanı kimi göstərdiyi fəaliyyətin, elmi-pedaqoji mühitdə qazandığı hörmətin şahidi olmuşam.

 

1988-ci ildə Milli Azadlıq Hərəkatında Nizami bəzi başqa ziyalılar kimi kənarda qalmamış, hərəkatın fəallarından olmuş, öz yazıları ilə yeni müstəqil mətbuatın inkişafı və formalaşmasına yardım etmişdir.

Təbii ki, Milli Məclisdə millət vəkili olduğumuz illər bizi daha da yaxınlaşdırdı. Lakin onu daha yaxşı tanımağıma imkan verən və mənə doğmalaşdıran "Keçən günlərin dastanı" adlı xatirə yazıları olub. Bu yazıları "Azərbaycan" jurnalında gözdən keçirsəm də, kitab halında çıxandan sonra diqqətlə oxudum. İndiki Ermənistandan deportasiya edilən ailəsinin - babasının, nənəsinin faciəli həyatı, Ağstafada keçən uşaqlıq illəri birdən-birə fikrimdə Nizaminin bütün həyatına, keçdiyi yollara, əzmlə apardığı mübarizəyə, yazdığı kitablara işıq saldı. Həm də məni öz çətin və ehtiyac içində keçən uşaqlıq illərimə apardı.

Nizami Cəfərli bütün geniş ictimai-siyasi fəaliyyətinə baxmayaraq, (bir çağırış MM-də Mədəniyyət Komitəsinin və Türkiyə ilə Dostluq qrupunun sədri olmuşdur) bircə gün də qələmdən, elmi axtarışdan ayrılmamışdı.

Onun kitabları çoxdur. Hamısı haqqında danışmaq çətindir. Azərbaycançılıq, Türk Xalqları Ədəbiyyatı, Azərbaycan mədəniyyəti məsələləri, Azərbaycanşünaslığa giriş və s. mövzularda sanballı tədqiqat əsərlərindən başqa, Bəxtiyar Vahabzadəyə, Anara, Elçinə, Afaq Məsuda, Mövsüm Nağıoğluya həsr olunmuş monoqrafiyaları vardır. Bu əsərlərin içərisində "Türkologiyaya giriş" xüsusi yer tutur və tam məsuliyyətlə demək olar ki, bütün başqa kitabları olmasaydı da, təkcə bu əsər Nizaminin böyük alim olduğunu nümayiş etdirərdi. O, türk xalqının (və ya xalqlarının) qədim tarixini, keçdiyi yolları, yaratdığı milli-mənəvi, ədəbi-elmi sərvətləri dərindən öyrənib sistemləşdirərək, dövrləşdirərək, özü dediyi kimi, "arxeologiya, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq, siyasətşünaslıq və s. araşdırmalarına, çox hallarda isə həmin elmlərin əməkdaşlığına əsaslanan" ciddi bir əsərlə bu sahədə olan boşluğu doldurmuş, ictimai fikrimizə gözəl bir hədiyyə vermişdir.

Akademik Nizami Cəfərlinin Bakıda Atatürk Mərkəzinə rəhbərlik etməsi Türkiyə-Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi əlaqələrinin möhkəmlənməsində çox önəmli rol oynayır. Atatürk Mərkəzi həm də ədəbi-ictimai fikrimizin yığnaq yerlərindən, ocaqlarından birinə çevrilmişdir.

Nizami ilə mövqelərimizin üst-üstə düşmədiyi vaxtlar da olub. Yəqin, bundan sonra da olacaq. Lakin bu, mənim onun böyük elmi-ictimai fəaliyyətinə, yüksək insani keyfiyyətlərinə münasibətimə əsaslı təsir göstərmir. O öz biliyini, xidmətlərini gözə soxmadan, sakitcə, təmkinlə öz yolunu gedən, filologiya elmimizdə əvəzolunmaz yeri olan dəyərli, yenilikçi və öz dəst-xətti olan bir alimdir. Onun yüksək elmi istedadı, ictimai-siyasi xadim və millət vəkili kimi Müstəqil dövlətimizin möhkəmlənməsində, mədəniyyətimizin inkişafında, türk xalqları və dövlətlərinin yaxınlaşması sahəsində gördüyü böyük işlər dərin hörmətə layiqdir

Nizami Cəfərli filologiya elminin akademiki olduğu kimi, insan münasibətlərində də bu səviyyədə dayanır, həyat eşqi ilə dolu, səmimi, etibarlı bir dost kimi çevrəsinə həmişə xeyirxahlıq yayır. 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə