Təqvim
Məmməd Kazımın öz Hünəri (+FOTOLAR)
05 aprel 2019 - 00:27

 Nəriman Həsənzadə: “Məmməd Kazımda insan sevgisi çox böyük idi. Bu da onun şairliyindən irəli gəlirdi”.

 

Canveten.az xəbər verir ki, Azərbaycan ədəbiyyatına 1950-60-70- cı illərdə gələn bir qrup yaradıcı insanlar sonralar ədəbiyyasımızın sütununu təşkil elədilər. Bu yazarlar Azərbaycan ədəbiyyatını dünyada layiqincə tanıtdılar. Onlardan Xalq şairləri  Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nəbi  Xəzri, Söhrab Tahir, Balaş Azəroğlu, Qabil, Hüseyn Arif, Fikrət Qoca, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Vaqif  Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Əməkdar incəsənət xadimləri Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Tudə, Tofiq Mütəllibov, Hikmət Ziya, Ramiz Heydər, Çingiz Əlioğlu, Ələkbər  Salahzadə, Əməkdar mədəniyyət işçiləri Məmməd  Aslan, Əşrəf Veysəlli, məşhur şairlər  Novruz Gəncəli, Məmməd İsmayıl, Əli Kərim, Musa Yaqub, Nüsrət Kəsəmənli, Ramiz  Rövşən, Famil Mehdi, Gəray Fəzli, Tofiq Bayram, Eldar Nəsibli, Eldar Baxış, Vahid Əziz, İsa İsmayılzadə, Camal Yusifzadə, Şahmar Əkbərzadə, Sabir Almazov, Qaçay Köçərli, Novruz Xoşbəxt,  Zülfüqar Əliyev, Vaqif İbrahim, Vaqif İbrahim              ( Hüseynov),  İltifat Saleh, Şəkər Aslanov, Azad Talışoğlu, Ağa Laçınlı,  Abbas Abdulla, Abbasağa, Ramiq Muxtar,  Xasay Cahangirov,  Əvəz Mahmud Lələdağ, Akif Səməd, Rafiq Yusifoğlu, Ağacəfər Həsənli, Adil Cəmil, Əbülfət  Mədətoğlu, Xalq yazıçıları  İsmayıl Şıxlı,  İsa Muğanna (Hüseynov),  İmran Qasımov, Bayram Bayramov, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Sabir Əhmədov, Yusif  Səmədoğlu, Elçin, Çingiz Abdullayev, Mövlud  Süleymanlı, Xalq artisti Həsən Seyidbəyli, Əməkdar incəsənət xadimləri Vidadi Babanlı, Əfqan, Altay Məmmədov, Nahid Hacızadə, Natiq  Rəsulzadə, Ağalar İdrisoğlu, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu, məşhur yazıçılar  Əkrəm Əylisli, Cəmil Əlibəyov,  Seyfəddin Dağlı, Fərman Kərimzadə, İsi  Məlikzadə, Məmmədhüseyn Əliyev, Əlibala Hacızadə, Əli İldıroğlu, Qərib Mehdi, Ağəddin Mansurzadə, Vaqif Əlixanlı,  Seyran Səxavət, İntiqam  Qasımzadə, Məmməd  Oruc, Aqil  Abbas, Elçin Hüseynzadə və başqaları doğrudan da ədəbiyyatımızın inkişafı üçün əvəzsiz işlər görüblər. Bax, bu insanlardan biri də fiti istedadlı, yüksək təfəkkürlü Məmməd Kazım olub. O, yaradıcılığa başladığı 1960-cı illərdən həm şair, həm yazıçı, həm jurnalist-publisist kimi çox böyük işlər görüb. O, böyük yaradıcılıq yolu keçməklə təkcə şair, yazıçı, jurnalist, publisist kimi yox, həm də bir vətəndaş kimi çox işlərə imza atıb. Belə ki, o, bir vaxtlar Azərbaycan Dövlət Televiziyasında “Hünər” adlı hərbi-vətənpərvərlik verilişini yaratmaqla, təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində də tanınırdı. Məhz Məmməd Kazımın böyük zəhmətinin, yüksək vətənpərvərliyinin sayəsində İkinci Dünya Müharibəsində və  Böyük Vətən Müharibəsində itkin düşmüş, ölumləri, qalımları haqqında qohumlarının, yaxınlarının uzun illər çalışsalar da heç bir məlumat əldə edə bilmədiyi çoxlu insanları həqiqətən də Məmməd Kazım sevindirib. Sağ qalanları bir-birilə görüşdürüb. İtkin düşənlərin məzarlarını təkcə Sovetlər Birliyi ölkələrindən yox, Sosialist ölkələrinə səfərləri zamanı tapıb və yaxınlarının həmin məzarları ziyarət etməsi üçün dövlət rəsmiləri ilə danışıqlar aparıb və lazım olan bütün şəraitləri yaradıb. Bu insanlar bir-birinə qovuşub. Həmin tarixi hadisələr də hər biri Məmməd Kazımın qələmindən yazılara, sənədli poverstlərə  və televiziya verilişlərinə köçərək, gələcək nəsillər üçün bir ərmağan kimi qalıb. Açığı belə böyük, xeyirxah işi hətta həmin vaxtlar üzdə olan, böyük fəxri adlar almış  heç bir qəlam sahibi edə bilməyib. Belə böyük iş yalnız və yalnız Məmməd Kazımın adı ilə bağlıdır.

Məmməd Kazim çox maraqlı şairdir. Çox istetdalı yazıçıdır. O, əgər yalnız seirlər  yazsaydı, bu gün onun cild-cild kitabları hamımızın stolüstü kitablar olar və dərslik kitablarında böyük yer alardı. Məmməd Kazim  yalnız nəsr əsərləri yazsaydı, indi çoxlu romanları, povestləri, hekayələri  onlarla  cilddən artıq kitablar olardı. Və nəhayət Məmməd Kazım yalnız jurnalistika ilə məşğul olsaydı bu sahənin də tarixdə qalan 3-5 yaradıcılarından biri kimi, yazdığı məqalələri, oçerkləri, publisist yazıları jurnalistika dərslərində tələbələrin ən çox müraciət etdiyi yazılar olardı. Amma bu  böyük yaradıcı insan hər üç sahədə 50 ildən artıq bir yaradıcılıq dörvündə heç kimi təkrarlamadan öz sözünü deyib və öz yolunu gedib. Onun nəsr əsərləri, seirləri və publisistikası oxucuların xoşuna gəlir və çox insanların stolüstü kitablarıdır. Lakin onun bu böyük əməyi sağlığında layiqincə qiymətləndirilməyib. Ona nə yaziçı, nə şair, nə də jurnalis kimi fəxri ad verilməyib. Belə böyük yaradıcı insanın yaddan çıxması, unudulması həqiqətən də onu hələ keçən əsrin 70-cı illərindən tanıyanlar və onun bədii əsərlərini, oçerklərini, publisist yazılarını sevə-sevə oxuyub, onlardan bəhrələnənlərə çox pis təsir edir. Mən də həmin insanların sirasındayam. Çünki hələ 1960-cı illərdə Məmməd  Kazımın Masallıda yaratdığı  Ədəbiyyat dərnəyindən çoxlu yazarlar çıxıb və artıq ədəbiyyat aləmində öz sözlərini də layiqincə deyirlər.  Onun 1992-ci ildə təsis etdiyi və Masallıda çap olunan “Qala” ədəbi-bədii qəzeti az bir zamanda ətrafina çoxlu yazarlar və minlərlə oxucu toplamışdı. Bu qəzetdə təkcə bölgə yazarlarının yox, həm də respublikada tanınan, üzdə olan şairlərin, yazıçıların əsərləri çap olunurdu. Qəzetin hər bir nömrəsi çox maraqla oxunurdu.

Əgər yaşasaydı 2019-cu  ilin may ayının 25-də Məmməd Kazımın 85 yaşı tamam olacaqdı. O, 2018-ci ilin mart ayının 10-da əbədiyyətə qovuşdu. Məmməd Kazımı yaxşı tanıyan, onunla təmasda olan insanlardan biri də Xalq şairi, bugünkü ədəbiyyatımızın klassiki Nəriman Həsənzadədir. Biz Məmməd Kazımın 85 illik yubileyi ərəfəsində Nəriman müəllimlə həmsöhbət olduq. O, Məmməd  Kazım haqqında bu sözləri dedi:

-Mən sizə minnətdaram ki, onu xatırladınız. Onu xatirələrin sorağında axtarıb, yazıya köçürürsünüz. Bir vaxtlar elə Məmməd Kazım da İkinci Dünya Müharibəsində və Böyük Vətən Müharibəsində həlak olan, itgin düşən həmyerlilərimizi beləcə axtarır və tarixə köçürürdü. Məmməd Kazımın son yaşlarına qədər üzündə bir abır-həya vardı. Onda bir uşaq səmimiliyi vardı. Mən onu bir doğma qardaşım kimi çox istəyirdim. Ədəbiyyat və İncəsənət qəzetinə rəhbərlik etdiyim vaxtlar onun çoxlu şeirlərini, publisist yazılarını, məqalələrini çap eləmişəm. Məmməd Kazımda insan sevgi çox böyük idi. Bu da onun şairliyindən irəli gəlirdi. Şair gərək pak, saf, insanpərvər olsun. Şair bir növ elə uşaq paklığında olmalıdı. Öz aləmində olmalıdı. Bax, Məmməd Kazımı da mən belə xatırlayıram. Mən tez-tez qələm dostumuz  Atababa İsmayıloğlu və sizinlə onun haqqında danışırıq. Onun şəxsiyyəti, ləyaqəti, abır-həyası, əsl kişi xasiyyəti o qədər güclü idi ki, öz həmyaşıdları, ondan sonra gələn cavanlar arasında çox seçilirdi. O, bu hərəkətlərilə çox böyük hörmət qazanmışdı. Məmməd Kazım çox təvazökar insan idi. Bəziləri kimi öz haqqını dava-şava ilə əldə etmək istəmirdi. Daxilində böyük mədəniyyət vardı. Yəqin ona görə fəxri ad məsələsində yaddan çıxdı. Doğrudan da dünya çox maraqlıdı. Bilmirsən ki, illər keçəndən sonra kim-kimin haqqında xatirə danışacaq. Baxmayaraq ki, mən ondan üç yaş böyüyəm, indi mən onun haqqında xatirə danışıram. Allah onun o dünyasını versin. Məmməd Kazım özünün saflığı, təmizliyi, istedadı, əsl kişi xasiyyətilə ədəbiyyatımızda bir maraqlı, təkrarolunmaz şair obrazı qoyub gedib.

-Nəriman müəlim, o, bir vaxtlar Azərbaycan Dövlət Televiziyasında “Hünər” verilişi yartamışdı. Həmin illəri siz necə xatırlayırsınız?

-Bəli, o çox məşhur veriliş idi. Təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində türkdilli xalqlar ona maraqla baxırdılar. Məmməd Kazım bu verilişi ürəyinin səsilə eləmişdi. Həmin verilişdəki bütün məsələlər onu narahat eləyən məsələlər idi. Həmin vaxtını əgər Məmməd Kazım şeir, nəsr yaradıcılığına həsr eləsəydi görün onun nə qədər poemaları, şeirləri, romanları, povestləri, hekayələri tariximizdə qalardı. Amma Məmməd Kazım bədii yaradıcılıqdan çox, həmin verilişi vacib saydı və çoxlu itgin düşən, şəhid olan qəhrəmanlarımızı ortya çıxardı. Çoxlu Sovet İttifaqı Qəhrəmanlarımızın həyatını qələmə alıb, ədəbiyyatımızda, jurnalistikamızda yaşaytdı. Məmməd Kazımın “Hünər” verilişi elə onun öz hünəri idi. Hünərlə də həmin verilişi aparırdı.

İndi onun haqqında danışdıqca Məmməd Kazım öz abır-həyası, utancaqlığı və əsl kişi xasiyyəti, dostcanlığı ilə gəlib gözlərimin qarşısında dayanır. Bu da bir vergi idi. Onun şairliyilə insanlığı bir-birini tamamlayırdı. Həmin vaxtı dörd Məmməd dost idilər. Məmməd Araz, Məmməd İsmayıl, Məmməd Aslan və Məmməd Kazım. Bu dostluğa hamı həsəd aparırdı. Onlardan yalnız Məmməd İsmayıl sağ qalıb. İndi o biri üç Məmmədə görə əlimiz uzalı qalıb. Fikirləşirik ki, hanı Məmməd Kazım? Hanı Məmməd Araz, Məmməd Aslan? Bax, dünya buna görə mənasızdı. Belə böyük şəxsiyyətlərin gedişilə biz dünyadan inciyirik. Doğrudur belə yaradıcı insanlar heç vaxt dünyadan getmirlər.  Əbədi yaşayırlar. Onların həmin duyğuları millətə, nəsilə, öz övladlarına keçir. Məmməd  Kazım bir vaxtlar millət haqqında danışırdısa, millət də onun haqqında danışırdı. Deməli, Məmməd Kazım millətin yaddaşında əbədilik qalacaq. O, bir vaxtlar Vətən, onun övladları haqqında danışırdısa, indi Vətən övladları onun haqqında danışır və danışacaq. Məgər bundan da böyük mükafat ola bilərmi? Mən, belə bilirəm ki, bu da onun qisməti, taleyidi. O, gözü-könlü tox şair idi. Tox gəlmişdi ədəbiyyata, şeirə, jurnalistikaya tox da getdi bu dünyadan. Ona görə də nə qədər  Azərbaycan milləti yaşayır, belə insanların yaradıcılığı da, şəxsiyyəti də əbədi yaşayacaq və zaman-zaman millətimizə baş ucalığı gətirəcəklər..

Müasir ədəbiyyatımızın klassiki Nəriman Həsənzadənin son sözləri elə bil ki,  mənə bir təskinlik verdi. O təskinliyi verdi ki, Məmməd Kazım əbədilik Azərbaycan ədəbiyyatında, jurnalistikasında yaşayacaq. Çünki onun onlarla  şeirləri, nəsr əsərləri Azərbaycan ədəbiyyatında yaşamaqla, müəllifini də həmişə yaşadacaq.Və öz-özümə fikirləşdim ki, yəqin onun doğulduğu Masallı torpağı da belə böyük oğlunu heç vaxt unutmayacaq. Mən, ona da inanıram ki, tezliklə Masallı rayon rəhbərliyi Məmməd Kazımın adını əbədiləşdirəcək. Təkcə bu rayonun yox, məmləkətimizin ədəbiyyatının, mədəniyyətinin, jurnalistikasının inkişafında əvəzsiz xidmətləri olan belə böyük yaradıcı insanın 85 illik yubileyi ərəfəsində Masallı şəhərinin küçələrindən birinə Məmməd Kazımın adı  verəcək.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət  xadimi

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə