Çapa göndər
İranla sərhəddə DSX əməliyyat keçirdi

02 fevral 2022 - 17:24

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafi­zəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

DSX-dan  verilən məlumata görə, fevral ayının 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram “marixuana”, 900 qram “kakos”) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.