Çapa göndər
Qara gözələ elegiya... - Xəyal Rza yazır..

30 iyul 2019 - 20:46

Keçər bu körfəzdən yekə bir gəmi
Gəmidə beş gəmi yazıq adamlar
Bir qara gözəlin mavi göz yaşı
Şopenin ritmiylə dənizə damlar
***
Görüşüb, öpüşüb, qucaqlaşarlar
Dəniz damlaları özündən bilər
Bu qızın bu yaşda yaşadıqları
Gəlməzmi dünyanın gözündən, gələr
***
Gah günəş yandırar ümidlərini
Gah sazaq dondurar arzularını
Gözünü yumanda ölmüş körpələr
Gözünü açanda can verən qarı
***
Neçənci gündüzdür, neçənci gecə?.. 
Günlərin sayını salıb, itirər...
Qəribə bir dildə nəsə pıçıldar
Bir-bir barmağını sayıb, bitirər

***
Külək zəhrimar da başlayar yenə
Görünməz dünyanın azad ölkəsi
“Bəlkə aldadıblar, sağ qalan yoxdu”, 
Boğular içində yetim həvəsi.
***
Keçər bu körfəzdən yekə bir gəmi
Gəmidə beş gəmi yazıq adamlar
Bir qara gözəlin... gözəl cəsədi...
Bir də ki... buz kimi soyuq dalğalar...